Azərbaycan dövlətinin COVİD-19 qlobal pandemiyasına qarşı mübarizə ilə əlaqədar həyata keçirdiyi tədbirlər və atdığı addımlar ölkə daxilində olduğu kimi, xaricdə yaşayan həmvətənlərimiz tərəfindən də böyük rəğbətlə qarşılanır. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktubları da bir daha təsdiq edir.
Rusiyadan Fazil Qurbanovun, İrahid Mirişovun, Elçin Mirzəyevin, Regina Feyzullayevanın, Gürcüstandan Məhəbbət İmanovun, Belçikadan Sahil Qasımovun, Finlandiyadan Vasif Muradlı və Arzu Oktayın, Ukraynadan Murad Ömərovun və s. imzası ilə Azərbaycan Prezidentinə ünvanlanan təşəkkür məktublarında qeyd edilir ki: Sizin xalqımıza diqqət və qayğınız, onların sağlamlığını hər şeydən üstün tutaraq, COVID-19 virusuna qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməyiniz ölkəmizdə virusun geniş yayılmaması üçün zəmin yaratdı. Məhz bu səbəbdən də Azərbaycanda yoluxma və virusdan ölum halları digər ölkələrdən dəfələrlə az müşahidə edildi. COVID-19 virusu ilə mübarizədə Azərbaycan modeli başqa dövlətlərə də nümunə oldu.
Məktublarda bildirilir ki, müxtəlif ölkələrdə çətinliklərlə üzləşən soydaşlarımıza, aztəminatlı ailələrə və tələbələrə yardım edilməsinə dair verdiyiniz göstərişlər biz xaricdə yaşayan azərbaycanlıları qürurlandırdı: İnanırıq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımız bu problemdən də uğurla çıxacaq.