Şimali Kipr Türk Respublikasındakı soydaşlarımıza yardım edilib

04.05.2020

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Şimali Kiprdə fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) birgə təşkilatçılığı ilə Şimali Kiprdə yaşayan azərbaycanlılara yardım göstərilib.

AKDC-nin sədri Orxan Həsənoğlu bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar Şimali Kiprdə martın 12-dən etibarən karantin elan olunub. Karantin müddətində tətbiq edilən sosial təcrdi şəraitində AKDC adada yaşayan, təhsil alan soydaşlarımızın və tələbələrin durumunu araşdıraraq, çətin vəziyyətdə olan həmvətənlərimizin siyahısını müəyyənləşdirib.

Daha sonra bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ünvanlanıb. Dövlət Komitəsinin dəstəyi ilə Şimali Kiprdəki 20-dən çox soydaşımız yataqxanada müvəqqəti yaşayış yerilə təmin olunub, universitetlərdə təhsil alan 60 tələbəyə, həmçinin 42 azərbaycanlı ailəsinə ərzaq və maddi yardım göstərilib.

Diaspor rəhbəri qeyd edib ki, Azərbaycan cəmiyyəti olaraq Şimali Kiprdə yaşayan soydaşlarımızın daim yanındayıq: "Bu çətin günlərdə onları dəstəkləməyə çalışırıq. Soydaşlarımızı evində ziyarət edir, ehtiyaclarını qarşılayır, problemlərini dinləyir və kömək edirik. Bütün ölkələrdə olduğu kimi Şimali Kiprdə yaşayan soydaşlarımız da, göstərilən diqqət və qayğıya görə, dövlətimizdən sonsuz razılıqlarını ifadə edir, Prezident İlham Əliyevə səmimi minnətdarlıqlarını bildirirlər”.