1 May – Qazaxıstan Xalqının Birliyi Günü münasibəti ilə azərbaycanlı bəstəkar İlahə Qismət İsrafilova və Qazaxıstanın məşhur “NOMAD” instrumental qrupu bir araya gəlib. Onların ifasında səslənən "Sarı gəlin" Azərbaycan xalq mahnısı internet və sosial şəbəkələr üzərindən təqdim olunub.
Astana Beynəlxalq Universitetinin və Qazaxıstanın BİRGEMİZ Xeyriyyə Platformunun dəstəyi ilə baş tutan bu qarşılıqlı əməkdaşlıq #evdəqal kampaniyası çərçivəsində gerçəkləşdirilib.
Qeyd edək ki, musiqiçi ailəsində dünyaya gələn İlahə Qismət İsrafilova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı və elmi işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının “Gənclərlə iş” şöbəsinin sədri və ”Beynəlxalq Mədəni Əlaqələrin İnkişafına Dəstək” ictimai birliyinin sədridir. Bəstəkarın ən böyük uğurlarından biri isə onun gənc yaşında "Dədə Qorqud" dastanının motivləri əsasında eyni adlı baletin müəllifi olmasıdır.
Qazax milli folklor alətlərindən ibarət “NOMAD” ansamblı 2012-ci ildə yaradılıb. Ansambl Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının, eləcə də digər beynəlxalq simpoziumların və festivalların iştirakçısıdır.
Qeyd edək ki, qrupun rəhbəri Oljas Kurmanbek Qazaxıstanın Xalq artistləri olan Kurmanbeklər ailəsinin nümayəndəsidir.