“Liderliyin inkişafı proqramı”nın iştirakçıları Facebook üzərindən canlı yayım edib

01.05.2020

COVID-19 pandemiyası dövründə Azərbaycan diasporunun nümayəndələri bütün mümkün imkanlardan istifadə edərək soydaşlarımızla əlaqələri gücləndirməyə çalışırlar. Bunun üçün müxtəlif diaspor nümayəndələri Facebook üzərindən canlı yayımlar edir, soydaşlarımızla videokonfranslar təşkil edilir və s.

Növbəti belə bir virtual görüş Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) tərəfindən həyata keçirilən Liderliyin İnkişafı Proqramının iştirakçıları - Ukraynada yaşayan Murad Cəfərov və Almaniyada yaşayan Nurlan Məmmədov tərəfindən təşkil edilib. Belə ki, hər iki soydaşımız Facebook üzərindən canlı yayımda “Covid-19 pandemiyasının Azərbaycan diasporunun fəaliyyətinə təsiri, Azərbaycan dövlətinin və diasporun bu istiqamətdə fəaliyyəti” mövzusunda çıxış ediblər.

Yaşadıqları ölkələrdə pandemiyanın yaratdığı vəziyyət və yerli hökumətlərin COVID-19 ilə mübarizədə gördüyü tədbirlər barədə ümumi məlumat verən proqram iştirakçıları Azərbaycan dövlətinin həyata keçirdiyi operativ fəaliyyəti, soydaşlarımızın üzləşdiyi problemlərin həlli istiqamətində onlarla mütəmadi əlaqə saxlayan DİDK-nin fəaliyyətini yüksək qiymətləndirib və təmsil etdikləri ölkələrdə soydaşlarımızın daha da təşkilatlanması istiqamətində Azərbaycan evlərinin əhəmiyyətini qeyd ediblər.

İştirak etdikləri “Liderliyin inkişafı proqramı”nı yüksək dəyərləndirən soydaşlarımız proqram çərçivəsində planlaşdırdıqları layihələrin postpandemiya dövründə gerçəkləşdiriləcəyinə inamlarını ifadə ediblər. Proqram iştirakçıları canlı efirdə onlara ünvanlanan bir şox suallara da aydınlıq gətiriblər.