Dövlət Komitəsi Qazaxıstanda erməni təxribatının qarşısını alıb

30.04.2020

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən daha bir erməni təxribatının qarşısı alınıb. Belə ki, Qazaxıstan Xalqı Assambleyasının Şərqi Qazaxıstan vilayəti üzrə Ust-Kamenoqorsk şəhərində yerləşən “Dostluq Evi”nin rəsmi facebook səhifəsində ermənilər tərəfindən 27 aprel 2020-ci il tarixdə yayımlanmış videoda göyərti qutabı “erməni-Qarabağ” mətbəxinə aid yemək növü kimi təqdim edilib. Dövlət Komitəsinin müdaxiləsindən sonra isə 29 aprel tarixində sözügedən video səhifədən silinib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 29 aprel tarixində Şərqi Qazaxıstan vilayəti üzrə “Azərbaycan Etno-mədəni Birliyi” adlı İctimai təşkilatın sədri Elvin Dəmirçiyev ilə əlaqə saxlanılıb və müvafiq tövsiyələr verilib. “Dostluq Evi”nin rəsmi şəxsləri ilə söhbətlərin aparılması, qutabın Azərbaycan mətbəxinə aid olduğunun və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun bir daha diqqətə çatdırılması tövsiyə olunub.

E.Dəmirçiyevin sözlərinə görə Şərqi Qazaxıstan vilayəti üzrə “Dostluq Evi”nin mətbuat katibi Bibulova Ayzada Erjan qızı ilə bu barədə söhbət aparılmış, Azərbaycan mətbəxi nümunəsinin ermənilər tərəfindən özlərininki kimi qələmə verilməsi, həmçinin Azərbaycan ərazisi olan Qarabağın ermənilərin olması barədə fikirlər söylənilməsinin yol verilməz olduğu diqqətə çatdırılıb. Eyni zamanda, gələcəkdə belə təxribat xarakterli hərəkətlərə imkan verilməməsi xahiş olunub.