COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində aparılan xeyriyyə aksiyalarına Rusiya Federasiyasının Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporu da qoşulub.
"Azərbaycan" milli-mədəni muxtariyyətinin təşkilati dəstəyilə Kazan Federal Universitetinin tələbələrinə zəruri ərzaq məhsullarından ibarət 25 paket göndərilib. Ərzaq paketləri universitet rəhbərliyinə təhvil verilib.
"Azərbaycan" milli-mədəni muxtariyyətinin sədri Bəşir Bəşirov bildirib ki, xeyriyyə aksiyası zamanı Kazanda yaşayan və tətbiq olunan karantin qaydalarına görə çətin duruma düşən həmvətənlərimiz də unudulmayıb. Siyahısı əvvəlcədən müəyyənləşdirilən həmvətənlərimiz üçün hazırlanan 150 ərzaq paketi də birbaşa ünvanlara çatdırılıb.
B.Bəşirov qeyd edib ki, yardımların ünvanlara çatdırılması işini təşkilatın gənclər qanadının lideri Elvin Müslümovun rəhbərlik etdiyi qrup həyata keçirir.