COVID-19 qlobal pandemiyasına qarşı mübarizə çərçivəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının çətin durumla üzləşmiş aztəminatlı, çoxuşaqlı ailələrə və ahıl insanlara yardım məqsədi ilə xeyriyyə aksiyaları keçirmələri yerli dövlət orqanları və əhali tərəfindən yüksək qiymətləndirilir.
Xeyriyyə aksiyalarının təşkil edildiyi ölkələrdən biri də Gürcüstandır. Qonşu ölkənin Bolnisi rayonunun meri Davit Şerazadaşvili öz facebook səhifəsində xeyriyyə aksiyasına görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə (GAİM) təşəkkürünü bildirib.
Merin təşəkkür statusunda deyilir: "Xeyriyyə aksiyasına başqa bir qeyri-hökumət təşkilatı da qatıldı. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi vətəndaşlarımız üçün bizə 150 ərzaq paketi təqdim etdi. Ərzaq paketi Kvemo Bolnisi, Parizi və Zvaretidə yaşayan həssas ailələrə paylandı. Xeyriyyəçilik fəaliyyətinə görə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə təşəkkür edirəm. Qeyri-hökumət sektorunun dəstəyi karantin vəziyyətində bizim üçün xüsusilə vacibdir. Düşünürəm ki, ortaq səylər və buna bənzər yüksək sosial məsuliyyətlə koronavirus pandemiyasına ən qısa müddətdə qalib gələ biləcəyik".
Qeyd edək ki, martın 23-dən Gürcüstanda ilk dəfə Marneuli və Bolnisi rayonlarında ciddi karantin rejimi tətbiq olunub. Bu isə aztəminatlı və imkansız ailələrin sosial durumunu daha da çətinləşdirib. Yaranmış vəziyyəti nəzərə alan GAİM aztəminatlı ailələrə yardım kampaniyasına başlayıb. GAİM tərəfindən Marneulidə yaşayan 250, Bolnisidə isə 150 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib. Ərzaq paketləri imkansız ailələrin ünvanlarına çatdırılması məqsədilə Marneuli və Bolnisi meriyalarına təhvil verilib. Yardım paketinin hər birinə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, günəbaxan yağı, duz, çay və s. zəruri ərzaq məhsulları daxil edilib.
Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-dən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.