Diasporla İş üzrə Dövlət Komitəsi Asiya, Avstraliya, Afrika və Okeaniya ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə videokonfrans təşkil edib.
24 aprel tarixində keçirilən konfransda Dövlət Komitəsinin rəsmiləri Fuad Kərimov və İsmayıl Ənsərli, həmçinin Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair Xalq Demokratik Respublikası, Oman Sultanlığı, Əfqanıstan, Qətər, Avstraliya İttifaqı, Yeni Zelandiya, İordaniya Haşimilər Krallığı, Nigeriya Federativ Respublikası, Yaponiyadan olan diaspor rəhbərləri və fəalları iştirak ediblər.
Virtual tədbir çərçivəsində Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri, professor Xəlil Kələntərli, Qətərdən Azərbaycan diasporunun sədri Eldəgiz Rəfibəyli, Nigeriyadan Azərbaycanın Dostları Təşkilatının rəhbəri Büllurə Bayramova, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zümrüd Dadaşova və diaspor fəalları – Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyində baş məsləhətçi və laparoskopik cərrah işləyən İfrat Bəkirov, Pakistandan “Universal Travels Holidays and Event Planners” şirkətinin direktoru, Tüm Sanayeci və İş Adamları Dərnəyinin Pakistan şöbəsi üzrə sədr müavini Şəhla İsayeva, Yeni Zelandiyadan Daşınmaz Əmlak Şirkətləri Qrupunun sahibi Tofiq Məmmədov, Oman Sultanlığındakı Qaboos Dövlət Universitetinin müəllimi, pianoçu, beynəlxalq müsabiqələr laureatı Vüsalə Yusif Əmirbəyova, Əlcəzair XDR-dən “Kokorje.art” brendinin sahibi Xumar Nəbiyeva, BƏƏ-dən Əbu-Dabi Universitetinin Beynəlxalq Əlaqələr Kafedrasının müəllimi, şərqşünas-tədqiqatçı Şəhrizad Süleyman, Avstraliyadan Greenwhich Menecment kollecində birinci kurs tələbəsi, usbros.com.au iş güvənliyi şirkətinin sahibi Ülvi Musayev ilə ətraflı fikir mübadiləsi aparılıb və bir sıra mühüm məsələlər müzakirə edilib.
Konfrans iştirakçıları COVİD-19 pandemiyası ilə əlaqədar yaşadıqları ölkələrdə həmvətənlərimizin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilmiş tədbirlərdən danışıblar.
Videokonfrans iştirakçıları yaranmış mövcud durumda onlara göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.
Daha sonra postpandemiya dövründə fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.