Rusiyadakı diaspor təşkilatlarının rəhbərləri ilə videokonfrans keçirilib

28.04.2020

Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyadakı Azərbaycan diasporunun rəhbərləri ilə videokonfrans təşkil edib.

Konfransda Rusiyada Azərbaycan icması rəhbərinin müşaviri Kamran Rüstəmov, Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, "Azərbaycan-Ural" ictimai təşkilatının sədri Şahin Şıxlinski, "Azərbaycan" Milli-Mədəni Mərkəzinin sədri Afil Hüseynov, "Azərbaycan Diasporası" Arxangelsk regional təşkilatının sədri Tərlan Qasımov, "Samara Vilayəti Azərbaycanlıları Liqası"nın sədri Şirvan Kərimov və Dövlət Komitəsinin rəhbər şəxsləri iştirak edib.

Virtual konfransda soydaşlarımızın COVID-19 pandemiyası ilə əlaqədar karantin müddətində yaşayışı və ehtiyacları barədə vəziyyət müzakirə edilib və Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının COVID-19 qlobal pandemiyası ilə mübarizə dövründə göstərdiyi fəaliyyət yüksək qiymətləndirilib.

Diaspor təşkilatlarının rəhbərləri bu çətin dönəmdə Azərbaycan dövlətinin və rəhbərliyinin xaricdə yaşayan həmvətənlərimizə göstərdiyi diqqət, qayğı və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Videokonfransda COVID-19 ilə bağlı karantin müddətində və postpandemiya dövründə Rusiyadakı diaspor təşkilatlarının fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. COVİD-19 pandemiyasının yaratdığı mövcud durumda diaspor təşkilatlarının daha güclü həmrəylik, birlik göstərməsinin və təşkilatlanmasının vacib olduğu diqqətə çatdırılıb.

Sonda belə konfransların mütəmadi olaraq keçirilməsi qərara alınıb.