Mərkəzi Asiya ölkələrindəki soydaşlarımızla videokonfrans keçirilib

28.04.2020

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) növbəti videokonfransı Mərkəzi Asiya ölkələrindəki Azərbaycan icmasını təmsil edən etno-mədəni birliklər, mədəniyyət mərkəzləri və digər vətəndaş cəmiyyəti rəhbərləri və nümayəndələri ilə təşkil edib.

Virtual tədbirdə DİDK-nın şöbə müdiri Anar Rəsulov və böyük məsləhətçi Kənan Məmmədov, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanda yaşayan diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan A.Rəsulov qeyd edib ki, COVİD-19 pandemiyasının yaratdığı problemlər üzündən xaricdə yaşayan soydaşlarımıza dəstək məqsədilə Dövlət Komitəsində 24 saat ərzində fəaliyyət göstərən qaynar xətt yaradılıb, daxil olan minlərlə müraciətə dərhal baxılıb və müvafiq addımlar atılıb, səlahiyyətdən kənar müraciətlər isə ölkəmizin aidiyyəti dövlət qurumlarına yönəldilib.

Qazaxıstanda fəaliyyət göstərən "Azərbaycanlılar Assoasiyası” Respublika İctimai Birliyinin prezidenti Əbülfəz Xamedov, “Birlik” Azərbaycanlı İcmasının sədri Rəfail Hacıbalayev, “Dostluq” Azərbaycan Etno-Mədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, “Novruz” Azərbaycan Etno-Mədəni Mərkəzinin rəhbəri Eldar Əhmədov, “Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi”nin rəhbəri Ramilə Mustafayeva, “Türküstan vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi”nin rəhbəri Natiq İbrahimov, Özbəkistanın Daşkənd şəhərindəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Firdovsi Hüseynov, Qırğızıstanın Bişkek şəhərindəki “Azəri” İctimai Birliyinin prezidenti Əzizağa Əliyev, Tacikistanda yaşayan tərcüməçi, yazıçı, jurnalist, Baktriya Mədəniyyət Mərkəzinin əməkdaşı Amal Hacıyeva çıxış edərək Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandakı mövcud vəziyyət, eləcə də soydaşlarımızın qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı danışıblar.

Diaspor təşkilatlarının operativ qərargah yaratdıqları, yerli sakinlərə, aztəminatlı soydaşlarımıza, eləcə də müvəqqəti səfərdə olan və vaxtında Azərbaycana qayıda bilməyən vətəndaşlarımıza, maddi və ərzaq yardımları göstərdikləri, Qazaxıstanın Nur-Sultan, Kostanay, Şimkənt, Öskemen, Almatı, Karaqanda, Atırau, Aktau, Türküstan Qərbi Qazaxıstan və s. şəhər və vilayətlərində, Özbəkistanın Daşkənd, Səmərqənd, Anqren şəhərlərində xeyriyyə aksiyaları təşkil edildiyi bildirilib. Bişkəkdə ahıl həmvətənlərimizə, xəstələrə dərman tədarükü, maska və digər zəruri dezinfeksiyaedici məhsulların paylanıldığı, Tacikistanda koronovirus infeksiyasına yoluxma faktının qeydə alınmamasına baxmayaraq, hökumət tərəfindən qabaqlayıcı tədbirlərin həyata keçirildiyi vurğulanıb. Qazaxıstan və Özbəkistanda fəaliyyət gəstərən azərbaycanlı iş adamlarının və Azərbaycan şirkətlərinin də xeyriyyə aksiyalarında xüsusi fəallıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.