25 aprel 2020-ci il tarixində müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun bir sıra nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovanın iştirakı ilə keçirilən videokonfrans iştirakçıları müxtəlif ölkələrdə soydaşlarımızın COVID-19 pandemiyasının təsirindən yaranmış vəziyyəti haqqında məlumatları bölüşmüş və bu istiqamətdə görülən işlərdən danışmışlar.
Əsas müzakirə obyekti xaricdə yaşayan soydaşlarımızın sosial məsələlərinin həllinə yönəlmiş hüquqi tənzimləmə, diaspor təşkilatlarının və fəallarının hazırki şəraitdə soydaşlarımıza psixoloji və maarifləndirici, dəstək göstərməsi olub.
Xaricdə yaşayan diaspor fəalları Azərbaycan dövlətinin yaranmış vəziyyətdə soydaşlarımıza göstərdiyi diqqəti, xüsusi ilə xaricdə yaşayan soydaşlarımıza göstərilən qayğını yüksək dəyərləndiriblər. Bununla yanaşı “evdə qal” çağırışına əməl edən bir qrup həmvətənimizin yaranmış karantin vəziyyətinin uzadılması ilə bağlı maddi ehtiyaclarının artığı da diqqətə çatdırılıb.
Videokonfrans zamanı diaspor nümayəndələri xarici ölkələrdə Azərbaycan dili məktəblərinin fəaliyyətinə yerli dövlət qurumları tərəfindən dəstək imkanları haqqında məlumatları da bölüşmüş və belə imkanlardan istifadə etməklə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunmasına kömək etməyin mümkünlüyü də vurğulanmışdır. Xaricdəki Azərbaycan məktəblərinin fəaliyyəti ilə bağlı Kanada, İsveç, İsveçrə və Finlandiya təcrübələri digər ölkələrdən olan diaspor liderlərinin diqqətinə çatdırılıb.
Videokonfrans iştirakçıları belə görüşlərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də müzakirələri davam etdirməyi qərara alıblar.