Avropadakı soydaşlarımız Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirlər

28.04.2020

Azərbaycan dövlətinin COVİD-19 qlobal pandemiyasına qarşı mübarizə ilə əlaqədar həyata keçirdiyi misilsiz tədbirlər və atdığı addımlar ölkə daxilində olduğu kimi, xaricdə yaşayan həmvətənlərimiz və fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən də böyük rəğbətlə qarşılanır. Bu məqam Avropa Azərbaycanlıları Konqresinin (AAK) İdarə heyətinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktubunda da öz əksini tapıb.

AAK prezidenti Sahil Qasımovun adından daxil olan məktubda deyilir ki, məhz Prezident İlham Əliyevin xalqımıza diqqəti, qayğısı, onların sağlamlığını hər şeydən üstün tutaraq, COVID-19 virusuna qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməsi ölkəmizdə virusun geniş yayılmaması üçün zəmin yaratdı: "Məhz bu səbəbdən də Azərbaycanda yoluxma və bu virusdan ölum halları digər ölkələrdən dəfələrlə az müşahidə olundu. COVID-19 virusu ilə mübarizədə Azərbaycan modeli başqa dövlətlərə də nümunə oldu".

Məktubda Azərbaycan Prezidentinin xaricdə yaşayan və təhsil alan, COVİD-19 pandemiyası nəticəsində çətin vəziyyətlə qarşılaşan soydaşlarımıza göstərdiyi qayğıya xüsusi diqqət cəlb edilib: "...bu çətin günlərdə onların ölkəmizə dönmələrini təmin etməniz, hətta xaricdə yaşayan aztəminatlı ailələrə və tələbələrə yardım edilməsinə dair verdiyiniz göstərişlər biz xaricdə yaşayan azərbaycanlıları qürurlandıraraq özgüvənimizi artırdı".

Sonda Azərbaycan Prezidentinə və ölkəmizin Birinci vitse-prezidentinə təşəkkür ifadə edilib: "Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün ölkə daxili ilə yanaşı, ölkə xaricində yaşayan bütün azərbaycanlıların da həmrəylik şüarına çevrilib. İnanırıq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımız bu problemdən də uğurla çıxacaq. Gördüyünüz misilsiz işlərə görə Avropa Azərbaycanlıları Konqresi adından Sizə və Mehriban xanıma minnətdarlığımızı bildiririk".