Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) xaricdəki diaspor nümayəndələrimizlə silsilə videokonfransları davam etdirir. Növbəti videokonfrans 25 aprel tarixində xaricdə fəaliyyət göstərən bir sıra Azərbaycan evlərinin rəhbər heyəti ilə təşkil edilib.
DİDK əməkdaşları və Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsinin iştirakı ilə keçirilən videokonfransa Polşanın Varşava, Türkiyənin Ankara, Ukraynanın Kiyev, Almaniyanın Berlin və Münhen şəhərlərində fəaliyyət göstərən Azərbaycan evlərinin rəhbər heyəti, o cümlədən 2020-ci il aprelin 24-dən Estoniyanın paytaxtı Tallinn şəhərində fəaliyyətə başlayan Azərbaycan evinin rəhbəri qatılıb.
Virtual tədbirin iştirakçıları yaşadıqları ölkələrdə COVİD-19 pandemiyasının yaratdığı çətinliklərdən, xaricdə yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlərdən, dövlətimiz və diasporumuzun bu sahədə onlara dəstək məqsədilə atdığı addımlardan, həyata keçirdiyi işlərdən danışıb və ümumi vəziyyəti müzakirə ediblər. Müzakirələr zamanı Azərbaycan evlərinə bu çətin və mürəkkəb vəziyyətdə kömək üçün müraciət edən soydaşlarımızın ərzaq, müvəqqəti yaşayış yeri ilə təmin edildiyi, digər zəruri sahələrdə onlara müvafiq köməyin göstərildiyi, həmin evlərdə yaradılmış qərargah və qaynar xəttin fasiləsiz olaraq fəaliyyət göstərdiyi və soydaşlarımıza dəstək olduğu bildirilib.
Estoniya Azərbaycan Evinin rəhbəri, həm də gələcək planlar və görüləcək işlərlə bağlı ətraflı məlumat verib. Tallinndə belə Evin açılmasının burada yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Azərbaycan evlərinin diaspor fəaliyyətinin daha da genişləndirilməsinə və mütəşəkkilliyinə töhfə verəcəyinə əminliklərini vurğulayan videokonfrans iştirakçıları həmkarlarına uğurlar arzulayıb, daha səmərəli fəaliyyət üçün öz təklif və tövsiyələrini bildiriblər.
Tədbirdə postpandemiya dövründə Azərbaycan evlərinin fəaliyyətinin əsas istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.
Sonda vurtual konfransların davam etdirilməsi qərara alınıb.