Moldovadakı soydaşlarımıza yardım edilib

24.04.2020

COVİD-19 pandemiyası dövründə yaranmış vəziyyətə görə Moldovada yaşayan və ehtiyacı olan soydaşlarımıza yardım etmək məqsədi ilə Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin birgə operativ qərargahı yaradılıb.

Səfir Qüdsi Osmanovun təşəbbüsü ilə yaradılan qərargahda diplomatlarımızla yanaşı diaspor təşkilatının nümayəndələri də təmsil olunurlar. Konqresin fəal üzvü Maarif Rəhimov qərargahın sədri təyin olunub.

Moldovada yaşayan, təqribən 5000 nəfər soydaşımızdan, 400 nəfəri COVİD-19 pandemiyası ilə əlaqədar çətin vəziyyətə düşüblər. Bunun səbəbi tikinti, yolsalma, kənd təsərrüfatı, ticarət və digər sahələrdə çalışan həmyerlilərimizin işsiz qalmalarıdır. Səfir Qüdsi Osmanovun və Moldovadakı imkanlı həmvətənlərimizin qərargahın fonduna köçürdükləri vəsait sayəsində, vətəndaşlığından asılı olmayaraq, ehtiyacı olan azərbaycanlılara ərzaq və tibbi ləvazimatlardan ibarət yardım göstərilir. Onların arasında tələbələr, çoxuşaqlı ailələr, həbsxanada cəza çəkən soydaşlarımız var.

Dəstək kampaniyası təkcə Kişinyovu deyil, bütün Moldovanı əhatə edir. Qərargahın nümayəndələri Moldovanın ucqar şəhər və kəndlərində ehtiyacı olan soydaşlarımıza yardımlar çatdırırlar.

Aprelin 22-də qərargah nümayəndələri Qaqauziya Muxtar Ərazisinə səfər ediblər. Qonaqları Muxtar Ərazinin xarici əlaqələr departamentinin rəhbəri Vitali Vlax qarşılayıb. O, bu nəcib təşəbbüsə görə, Azərbaycan dövlətinə təşəkkürünü bildirib və deyib ki, dövlətimiz həmişə Qaqauziyaya maddi və mənəvi dəstək göstərib.

Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət edilib və önünə gül dəstələri düzülüb.

Daha sonra Qaqauziyada yaşayan və təhsil alan azərbaycanlı ailələrə və tələbələrə ərzaq və tibbi ləvazimatlardan ibarət yardım çatdırılıb. Azərbaycanın Moldovadakı səfirliyinin onlarla daim əlaqə saxladığını vurğulayan tələbələrimiz göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Bundan əlavə, qərargah nümayəndələri Qaqauziyada həyata keçiriləcək sosial layihəyə də maliyə yardımı göstəriblər.

Ümumiyyətlə, ölkə üçün çətin bir dövrdə Moldova Azərbaycanlıları Konqresi yerli xalqla çiyin-çiyinə dayandığını, ölkənin ictimai-siyasi və humanitar həyatına tam inteqrasiya olduğunu sübut etməkdədir. Konqres pandemiya ilə mübarizə üçün Kişinyov meriyasına vəsait köçürüb, Moldova Prezidenti İqor Dodonun təşəbbüsü ilə həyata keçirilən sosial layihələdə fəal iştirak edir. Aprelin 16-da səfir Qüdsi Osmanovla görüşü zamanı ölkə prezidenti həmvətənlərimizin xidmətlərini xüsusilə vurğulayıb və Azərbaycan icmasına öz təşəkkürünü bildirib.