Texasda azərbaycanlı uşaqlar arasında rəsm müsabiqəsi keçirilir

24.04.2020

ABŞ-ın Texas Ştatında fəaliyyət göstərən Azərbaycan icması uşaqlar arasında "Azərbaycan mənim gözümlə" mövzusunda rəsm müsabiqəsi elan edib. Azərbaycan-Amerika Mədəniyyət Alyansının nəzdindəki Hyuston Azərbaycan Məktəbinin təşkil etdiyi rəsm müsabiqəsinin məqsədi uşaqları tarixi Vətənlərinin dilbər guşələri ilə tanış etməkdir.

COVİD-19 pandemiyası ilə əlaqədar müsabiqədə qiymətləndirmə Facebook sosial şəbəkəsi üzərindən aparılır. Məktəbdən verilən məlumata görə, artıq müsabiqəyə 36 uşaq rəsm əsərini təqdim edib. Rəsmlərdə uşaqların Azərbaycanla bağlı təxəyyülləri öz əksini tapıb.

Münsiflər heyətinin qərarı ilə rəsmlərdən 10-u ikinci mərhələyə keçib. Bu mərhələdə isə Facebookda ən çox bəyənilən rəsm əsəri qalib elan ediləcək.
Müsabiqə qalibləri (1, 2, və 3-cü yerlər) üçün həvəsləndirici mükafatların verilməsi də nəzərdə tutulur.