"Vikipedia" istifadəçiləri Məhəmməd Füzuli barədə özbək dilində də məlumat ala biləcəklər

24.04.2020

Vikipediya.org (Wikipedia.org) Beynəlxalq Elektron Ensiklopediyasında dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında özbək dilində bölmə yaradılıb. Bu layihəni Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi həyata keçirib.

Bölmədə dahi şairin həyatı, yaradıcılığı, əsərləri, şeirlərinə bəstələnən musiqi kompozisiyaları, xatirəsinin əbədiləşdirməsi məqsədilə Azərbaycanda görülən işlər haqqında geniş məlumat verilib. Burada 1996-cı ildə anadan olmasının 500 illik yubileyi münasibətilə Azərbaycanda "Füzuli Ensiklopediyası"nın nəşr edilməsi, "Füzuli" Beynəlxalq Mükafatının təsis edilməsi, Bakı şəhərinin mərkəzində möhtəşəm heykəlinin ucaldılması, Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna adının verilməsi və sair barədə məlumatlar, fotoşəkillər öz əksini tapıb. Şairin adını daşıyan Füzuli rayonunun bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyinə də diqqət cəlb edilib.

Alt bölmədə 2019-cu ildə Özbəkistanda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində M.Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinin yaradıldığı, məqsədin Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi və təbliği olduğu qeyd edilib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Məhəmməd Füzulinin əsərlərinin özbək dilinə tərcümə edilərək Daşkənddə nəşri də planlaşdırılır.

Qeyd edək ki, "Wikipedia.org"da M.Füzuli haqqında özbək dilində istifadəyə verilmiş bölməyə https://uz.wikipedia.org/wiki/Fuzuliy linki vasitəsilə daxil olmaq mümkündür.