Xaricdəki Azərbaycan evləri “Biz birlikdə güclüyük” aksiyasında fəal iştirak edir

23.04.2020

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə xaricdə yaşayan azərbaycanlılar, xüsusilə son iki ildə yaradılan “Azərbaycan evləri” də böyük dəstək göstərir.

“Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan kampaniyaya Almaniyada “Azərbaycan evi” İctimai Birliyi də qoşulub. Birliyin sədri Rövşən Qrosmann bildirib ki, rəhbərlik etdiyi təşkilat ölkəmizdə aztəminatlı və digər həssas kateqoriyadan olan 800-dən çox ailəyə maddi yardım göstərib.

Təşkilat ölkə üzrə aztəminatlı və çoxuşaqlı ailələrə, yaşlı insanlara ərzaq məhsullarından ibarət sovqat paylayıb və digər köməkliklər edib. Yardım kampaniyası Azərbaycan Diasporuna Dəstək Fondu, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Əlavə edək ki, son illər xaricdə yaradılan Azərbaycan evləri pandemiya dövründə məlum səbəblərdən Azərbaycana qayıda bilməyən, müvəqqəti çətinliklərlə üzləşən yüzlərlə insanın ümid yerinə çevrilib. Həmin evlər xaricdə yaşayan azərbaycanlıların səfərbərliyi və koordinasiyalı fəaliyyəti üçün ən uğurlu modellərdən biridir.