"Azərbaycan Konqresi" Kurqandakı 500 aztəminatlı ailəyə yardım edib

23.04.2020

Rusiyanın Kurqan vilayətində yaşayan 500 aztəminatlı və çoxuşaqlı ailəyə ərzaq yardımı göstərilib.

Xeyriyyə aksiyasını COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Kurqan vilayətində fəaliyyət göstərən "Azərbaycan Konqresi" regional ictimai təşkilatı həyata keçirib. Təşkilatın sədri Niftulla Niftullayev bildirib ki, diaspor təşkilatımız bu məqsədlə sosial təcrid şəraitində yaşayan və çətin duruma düşmüş ailələrə yardım göstərmək üçün nəzərdə tutulmuş "Biz birlikdəyik" federal proqramına qoşulub. Bununla da həmvətənlərimiz yaşadıqları ölkənin yerli sakinlərinin yanında olduqlarını nümayiş etdiriblər.

Kurqan vilayətinin uşaq hüquqları üzrə müvəkkili Alyona Lopatina bildirib ki, Azərbaycan diasporunun bu xeyirxah addımı başqaları üçün nümunə olmalıdır: "500 qutunun hər birində un, şəkər, duz, yarmalar, bitki yağları, konservlər və şirniyyat kimi zəruri ərzaq məhsulları var. Bunlar çoxuşaqlı, aztəminatlı ailələrə, eləcə də hərəkəti məhdud olan şəxslərə çatdırılması üçün nəzərdə tutulub. Bu yardımı "Azərbaycan konqresi" təşkil edib".

Qeyd edək ki, ərzaq yardımı bu proqrama qoşulmuş könüllülər vasitəsilə birbaşa hər bir ailənin ünvanına çatdırılır.