Nazirlər Kabineti yanında Operativ Qərargah xarici ölkələrdə qalan Azərbaycan vətəndaşları ilə bağlı brifinq təşkil edib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdə qalan Azərbaycan vətəndaşları ilə bağlı sualları cavablandırıb.
Brifinqdə xaricdə qalan Azərbaycan vətəndaşlarının hazırkı vəziyyəti, onların ölkəyə gətirilməsi, yaradılan qaynar xətt, pandemiya dövründə Dövlət Komitəsinin soydaşlarımızla əlaqələri barədə suallara ətraflı cavab verilib.
Koronavirusla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə 47 ölkədən 5104 müraciətin daxil olduğunu qeyd edən komitə sədri müraciətlərin cavablandırılması, onların aidiyyəti üzrə dövlət qurumlarına yönləndirilməsi, Azərbaycan dövlətinin vətəndaşlarımıza müxtəlif formada dəstək göstərməsi barədə geniş məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan yeganə ölkələrdəndir ki, ilk gündən koronavirusla mübarizəyə ciddi yanaşıb və bu məsələlər xaricdə yaşayan soydaşlarımızın müraciətlərində də müsbət qeyd edilir, onlar tərəfindən alqışlanır.