Sərhədyanı zonada toplaşan soydaşlarımız Dərbənddəki mehmanxanalarda yerləşdiriliblər

15.04.2020

Rusiya-Azərbaycan sərhədyanı zonasına toplaşan və karantin qaydalarına görə vaxtında ölkəmizə dönə bilməyən 300 nəfərə qədər həmvətənimiz Dağıstandakı mehmanxana və sağlamlıq mərkəzlərində yerləşdirilib.

Xatırladaq ki, COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin qaydalarına əsasən, müvəqqəti olaraq gediş-gəlişin dayandırıldığı ölkələrdən biri də Rusiyadır. Martın 18-dən hər iki ölkə arasında yerüstü və hava nəqliyyatının hərəkəti tam dayandırılıb. Amma aprelin 5-nə qədər şənbə günləri saat 10:00-dan 14:00-a qədər hər iki ölkənin vətəndaşlarının sərhəddən keçərək Vətənə dönməsi təmin edilib. Nəticədə sərhədlərin tam bağlandığı son buraxılış günü – aprelin 5-də 1200-dən çox vətəndaşımız Azərbaycana qayıda bilib. Lakin 300 nəfərə qədər vətəndaşımız bu müddət ərzində Vətənə dönə bilməyiblər.

Həmvətənlərimizin sərhədyanı zonada riskə məruz qalmalarının qarşısının alınması məqsədilə Azərbaycanın Rusiyadakı səfirliyi və diaspor təşkilatlarımız birgə hərəkətə keçiblər. Səfirliyin tapşırığına əsasən, 155 həmvətənimizə Dərbənd şəhərindəki "Çayka" sağlamlıq kompleksində, qalanlarına isə yaxınlıqdakı mehmanxanalarda və məsciddə qalmaq üçün şərait yaradılıb.

Bu proses Dağıstan Azərbaycanlılarının təmsilçisi Qəni Panayevin, Şimali Qafqazda fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərlərinin, eləcə də Dağıstan rəhbərliyinin və müvafiq yerli orqanların dəstəyilə həyata keçirilib. Q.Panayevin sözlərinə görə, Azərbaycan vətəndaşları diaspor təşkilatlarının himayəsinə götürülüb və bütün məsələlər Azərbaycanın Rusiyadakı səfirliyi ilə razılaşdırılmaqla həll olunur.