Soydaşlarımız Monteneqroda aztəminatlı ailələrə yardım edib

15.04.2020

COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Monteneqroda fəaliyyət göstərən Azərbaycan diasporu xeyriyyə aksiyası təşkil edib.

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadənin sözlərinə görə, karantin qaydaları səbəbindən sosial təcrid şəraitində yaşayan və xüsusi qayğıya ehtiyacı olan 30 aztəminatlı ailəyə yardım göstərilməsi təşəbbüsü ilə Podqoritsa Bələdiyyəsinə müraciət ediblər. Mərkəz tərəfindən hazırlanan zəruri ərzaq məhsullarından ibarət yardım paketləri ailələrə təqdim olunması məqsədilə bələdiyyəyə təhvil verilib. Bundan başqa, mərkəzin direktoru Seyran Mirzəzadə bir neçə ailəyə ərzaq paketlərini birbaşa ünvanlarında təqdim edib.

Azərbaycanlıların bu çətin dönəmdə yerli sakinlərə yardım göstərməsi, Monteneqro vətəndaşları ilə birlik, həmrəylik nümayiş etdirməsi Podqoritsa Bələdiyyəsi və aztəminatlı ailələr tərəfindən minnətdarlıqla qarşılanıb.