Yekaterinburqda aztəminatlı ailələrə ərzaq yardımı edilib

15.04.2020

Rusiyanın Sverdlovsk vilayətindəki Azərbaycan diasporu COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində sosial təcrid şəraitində olan aztəminatlı ailələr və yaşlı insanlar üçün xeyriyyə kampaniyası təşkil edib.

Vilayətdə fəaliyyət göstərən "Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının təşəbbüsü ilə ehtiyacı olan aztəminatlı ailələrin və yaşlı insanların siyahısı hazırlanıb. Daha sonra həmin ailələrin ərzaq yardımını əldə edə biləcəkləri ünvan və telefon elan olunub.

Diaspor təşkilatının sədri Şahin Şıxlinskinin sözlərinə görə, kampaniya nəticəsində Yekaterinburqda yaşayan və ehtiyacı olan 271-dən çox aztəminatlı ailəyə ərzaq yardımı göstərilib. Onların arasında Azərbaycan, Gürcüstan və Dərbənddən olan həmvətənlərimizlə yanaşı, ruslar, qazaxlar, qırğızlar, özbəklər də olublar. Karantin qaydalarına əsasən, küçəyə çıxa bilməyən 32 aztəminatlı ailənin və yaşlı şəxsin ərzaq yardımı isə birbaşa onların ünvanına çatdırılıb. Ərzaq paketinə çörək, makaron, un, çay, yumurta, meyvələr və digər zəruri qida məhsulları daxil edilib.

Qeyd edək ki, humanitar aksiyada Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun nümayəndələri də iştirak ediblər.