COVİD-19 qlobal pandemiyasına qarşı mübarizə çərçivəsində aparılan xeyriyyə kampaniyasına Niderlandda yaşayan soydaşlarımız da qoşulub.
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nəzdindəki "Qarabag" idman klubu, Niderlandın sosial yönümlü DOCK fondu ilə birgə, Rotterdam şəhərində karantin qaydalarına görə evdən küçəyə çıxa bilməyən 60 nəfər yaşlı və əlil sakinə ərzaq yardımı göstərib.
BAK sədri Elsevər Məmmədov bildirib ki, bütün dünyanın qarşılaşdığı çətin dönəmdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs koronavirus təhlükəsinə qarşı birgə mübarizə aparmalıdır. Soydaşlarımız bu humanitar aksiya vasitəsilə rotterdamlılara azərbaycanlıların sülhsevər və xeyirxah olduqlarını nümayiş etdiriblər. Yerli sakinlər diaspor təşkilatımızın bu addımını böyük hörmətlə qarşılayıblar.
BAK humanitar aksiyaları davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Niderlandda fəaliyyət göstərən DOCK fondu 1996-cı ildə təsis olunub. Ölkənin Amsterdam, Rotterdam, Harlem, Utrext və digər şəhərlərini əhatə edən fondun 650-dən çox əməkdaşı və 1700 könüllüsü yaşlı insanlarla sosial iş aparırlar. Onlar sakinlər və təşkilatlar arasında əlaqələr yaratmaqla, yardıma ehtiyacı olan insanlara kömək göstərirlər.