Soydaşlarımız Pyatiqorskda 55 ailəyə yardım edib

13.04.2020

Rusiyanın Stavropol vilayətində fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin "Araz" ictimai təşkilatı (“Araz” AMMM) COVİD-19 qlobal pandemiyasına qarşı mübarizə çərçivəsində Pyatiqorsk şəhərində xeyriyyə aksiyası həyata keçirib.

Xeyriyyə aksiyası çərçivəsində, Pyatiqorsk şəhər administrasiyasının müəyyənləşdirdiyi siyahıya əsasən, çətin duruma düşmüş 55 ailəyə "Araz" ictimai təşkilatı tərəfindən ərzaq yardımı göstərilib. Yardım edilənlər aztəminatlı və çoxuşaqlı ailələr, eləcə də tənha yaşayan təqaüdçülər olub. Azərbaycanlı icmasının hər bir ailəyə təqdim etdiyi ərzaq paketinə un, makaron, çay, şəkər tozu, yumurta, günəbaxan yağı və digər zəruri ərzaq məhsulları daxil edilib.

Pyatiqorskdakı "Araz" AMMM-nin sədri Təhmasib Zeynalov bildirib ki, azərbaycanlı icması təkcə aztəminatlı yerli sakinlərə deyil, həm də onlara başqa bölgələrdən müraciət edən həmvətənlərimizə də yardım etməyə çalışır. Eyni zamanda, T.Zeynalov humanitar aksiyaya görə "Araz"ın bütün üzvlərinə və gənclərə minnətdarlığını ifadə edib.