Marneulidəki aztəminatlı ailələrə yardım göstərilib

10.04.2020

COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində aztəminatlı ailələrə yardım kampaniyasına Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) də qoşulub.

Gürcüstanın Marneuli bələdiyyəsi ərazisində yaşayan 250 aztəminatlı ailəyə GAİM tərəfindən ərzaq yardımı göstərilib. Ünvanlara çatdırılması məqsədilə yardım paketləri Marneuli meriyasına təhvil verilib. Hər ərzaq paketinə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, günəbaxan yağı, duz və çay daxildir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq, Gürcüstanda fövqəladə vəziyyət elan olunub. Martın 23-dən isə Gürcüstan ərazisində ilk dəfə yalnız Marneuli və Bolnisi bölgəsində ciddi karantin rejimi tətbiq edilib.

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-dən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.