İnteqrasiya Mərkəzi #evdəqal kampaniyası çərçivəsində video-çağırışlara başlayıb

06.04.2020

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) əhalinin karantin qaydalarına əməl etməsi məqsədilə #evdəqal kampaniyasına başlayıb.

Mərkəzin müxtəlif yaş qruplarına aid olan şagirdləri və könüllüləri bu kampaniyaya qoşularaq, GAİM-in facebook səhifəsində #evdəqal müraciəti ilə videolar paylaşmaqdadırlar.

GAİM-in icraçı direktoru Aygül İsayeva bildirib ki, Marneuli və Bolnisi ciddi karantin rejiminə keçdikdən sonra şagirdlər bu videoları hazırlamaq qərarına gəliblər: “Məqsədimiz insanlara koronavirus və onun təhlükələri haqqında məlumat vermək və bu virusdan necə qorunmaq lazım olduğunu söyləməkdir”.

Qeyd edək ki, 2019-cu ilin aprelindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Marneuli rayonunda fəaliyyətə başlayan GAİM-də 300-ə yaxın gənc təhsil alır.