Rusiyanın İvanovo vilayəti azərbaycanlılarının regional milli-muxtariyyətinin rəhbəri, Azərbaycan diasporunun parlaq nümayəndələrindən biri olan Sərraf Əbülfət oğlu Məmmədov vəfat edib. O, Nijni Novqorod şəhərindəki xəstəxanada keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişib.
Sərraf Məmmədov 1965-ci il fevralın 10-da Füzuli rayonunun Mandılı kəndində anadan olub. İvanovo İnşaat Mühəndisliyi İnstitutunu və Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Şimal-Qərb filialını bitirib. “2 nömrəli Yük Avtonəqliyyat Müəssisəsi" ASC-nin direktorlar şurasının sədri və İvanovo şəhər Dumasının deputatı olub.
Fəal vətəndaş mövqeyinə və ölkənin ictimai-siyasi həyatında yaxından iştirakına, sülhpərvər və xeyriyyəçilik fəaliyyətinə, gənc istedadlara və idmançılara göstərdiyi qayğıya görə “Zvezda Mesenata” ordeninə, Rusiya Sülh Fondunun Qızıl medalına və bir sıra fəxri fərmanlara layiq görülüb.
Rusiya və Azərbaycan xalqları arasında mehriban qonşuluq siyasətinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Sərraf Məmmədovun vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.