Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən "Gənclik" futbol məktəbi yetirmələrinin transfer sahəsində uğurları davam edir. Son illər ərzində məktəbin futbolçuları Gürcüstanın, Azərbaycanın, Türkiyənin və Rusiyanın müxtəlif klublarına transfer olunublar.
Onlardan Sahil Hüseynov və Haqan Bayramov Türkiyənin "Karsspor", Əli Qədimov və Murad Qurbanov "Antalyaspor", Elvin Yusifov və İbrahim Qərəmov "İzmirspor", İlkin Əhmədov "Qalatasaray", Kazım Vəliyev və Orxan Suleymanov Azərbaycanın "Əlincə" kimi futbol klublarının şərəfini qoruyublar. Hazırda Əli Qədimov "Giresunspor"da, Murad Qurbanov, Tural Məmmədov və Vəkil Talıbov Bakının, Kiyevin, Rostovun 2-ci liqalarında karyeralarını davam etdirirlər. Bakinın "Neftçi" klubunda çıxış edən Məmməd Məmmədovun isə karyerasını Rusyanın komandalarından birində davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, bütün dünyanı bürüyən koronavirus təhlükəsi Marneulinin yetişdirdiyi gənc futbolçular Kazım Vəliyevin, İsmət Ramazanovun və Nail Kazımovun "Sivasspor" futbol klubuna transferinin dayandırılmasına səbəb olub. Vəziyyət sabitləşəndən sonra gənclər Türkiyəyə yola düşəcəklər.
"Gənclik" futbol məktəbinin məşqçisi Əhməd İsmayılov hesab edir ki, məktəbin və gənc futbolçuların uğur qazanmasında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneulidə yaradılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin xüsusi rolu var.