Karateçilərimiz Budapeştdəki Azərbaycan Evini ziyarət ediblər

18.03.2020

Koronavirus təhlükəsi ilə əlaqədar yaranmış vəziyyət kempo-karate döyüş növü üzrə idmançılarımızın Budapeştdən Bakıya yola düşməsinin təxirə salınmasına səbəb olub.

Azərbaycan Qodzo Ryu Okinava Karate Do və Kobudo Kempo İdman Növləri Federasiyasının prezidenti Tarverdi Allahverdiyevin rəhbərlik etdiyi idmançılarımız Macarıstan paytaxtında qaldıqları dönəmdə onlara bu şəhərdə fəaliyyət göstərən Azərbaycan Evi və diaspor təşkilatları dəstək göstəriblər.

Azərbaycan Evini ziyarət edən karateçiləri "Qardaslıq" Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli salamlayıb. Qonaqlara Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə istifadəyə verilən Azərbaycan Evi və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Federasiyanın prezidenti Tarverdi Allahverdiyev və idmançılarımız Macarıstanın paytaxtında belə məkanın yaradılmasını müsbət qiymətləndirərək, xaricdə yaşayan soydaşlarımıza böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevə və ölkə başçısının tapşırıqlarını müvəffəqiyyətlə icra edən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Federasiyanın prezidenti ürək sözlərini Azərbaycan Evinin xatirə dəftərinə qeyd edib.

Qeyd edək ki, idmançılarımızın xüsusi çarter reysi ilə Azərbaycana yola salınacağı gözlənilir.