Martın 14-də ABŞ-ın Nyu-York ştatında yaşayan "Qafqaz Yəhudiləri Cəmiyyəti"nin Ağsaqqallar Şurasının sədri, Azərbaycan əsilli dağ yəhudisi Raşbil Şamayev vəfat edib.
1935-ci ildə Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində dünyaya gələn R.Şamayev 1953-cü ildə orta məktəbi, 1957-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. Dəvəçi və Quba rayonlarında çalışaraq müəllimlikdən dərs hissə müdiri vəzifəsinədək yüksəlib. 1975-ci ildə Azərbaycan Maarif Nazirliyinin “Qabaqcil maarif xadımı” fəxri adına, 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyünə və diplomuna layiq görülüb.
1995-ci ildən Nyu-York ştatının Bruklin şəhərində yaşayan həmvətənimiz Nizami Gəncəvinin, Ömər Xəyyamın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin şeir və poemalarından ibarət kitabı öz doğma dilində nəşr etdirib. Təmsil olunduğu təşkilatın xətti ilə Nyu-Yorkda Azərbaycan naminə xeyli işlər görüb. 2003-cü ildə təsis olunan "Noviy Rubej" (www.newfront.us) adlı qəzetdə rus, yəhudi, Azərbaycan, ingilis dillərində yazıları ilə ölkəmizi təbliğ və tərənnüm edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Raşbil Şamayevin vaxtsız vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.