Azərbaycan diasporunun birliyi və çevikliyi nəticə verdi: Abidə bərpa ediləcək

11.03.2020

Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.

Mer məktubda qeyd edib ki, vəziyyət nəzarət altındadır, polis orqanları təhqiqata başlayıblar: “Yazılı hesabat hazırlanıb. Abidə bərpa ediləcək. Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır”.

Xatırladaq ki, Belçikanın Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterlo şəhər meri Floran Röterə müraciət edibdir.

Xurşidbanu Natəvanın abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə ucaldılıb. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Abidə Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.