Azərbaycanlı skripkaçı Nyu-Yorkdakı müsabiqədə birinci yeri tutub

11.03.2020

Bakı Musiqi Akademiyasının (BMA) I kurs tələbəsi Osman Mustafazadə Nyu-Yorkun Karnegi Hall-da keçirilən “Golden Classical Music Award” müsabiqəsində I yerə layiq görülüb.

İfaçımızın bu müsabiqədə iştirakı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilib. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən 37 musiqiçi iştirak edib. Həmyerlimiz möhtəşəm Karnegi səhnəsində baş tutan Qala konsertdə də çıxış edərək, öz ifası ilə tamaşaçıları heyran edib.

Qeyd edək ki, BMA-da xalq artisti, professor Zəhra Quliyevanın skripka sinfində təhsil alan Osman Mustafazadə artıq bir neçə beynəlxalq müsabiqədə laureat adını qazanıb və simfonik orkestrlə mürəkkəb və maraqlı repertuarları təqdim edib. İndiyə qədər Vyana şəhərində keçirilən "Grand Prize Virtuoso" Beynəlxalq müsabiqəsində I yerə (2015), "Rodniki duşi" XII Respublika müsabiqəsində I yerə (2016), Azərbaycan və Gürcüstan respublikalarının birgə təşkilatçılığı ilə keçirilən V Beynəlxalq "Future Stars" müsabiqəsində III yerə (2016) layiq görülüb.