Türkiyənin Afyon Kocatepe Universiteti Dövlət Konservatoriyasında “XXI əsrin çağdaş Azərbaycan bəstəçiləri” mövzusunda ilk konfrans və konsert təşkil edilib. Konfrans Azərbaycan musiqi janrlarına, konsert isə bəstəkar Adilə Yusifovanın yaradıcılığına həsr olunub.
Konservatoriyanın dosentləri Berna Özkut və Natiq Rzazadənin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə bəstəkar, professor, Əməkdar müəllim Adilə Yusifova, Beynəlxalq və Respublika müsabiqələri laureatı pianoçu Fəqan Həsənli, Respublika müsabiqələri laureatı tarzən Elnur Cəfərov, professor-müəllim və tələbə heyəti iştirak ediblər.
N.Rzazadənin moderatorluq etdiyi konfransda Adilə Yusifova və tarzən Elnur Cəfərov Azərbaycan muğamları və xalq rəqsləri, onların nota salınması prosesi ilə bağlı mövzularda çıxış ediblər, xalq musiqisinin müxtəlif nümunələrini əyani şəkildə nümayiş etdiriblər, müəllim və tələbələrin suallarını cavablandırıblar.
Konsertin əvvəlində çıxış edən Berna Özkut son günlər İdlibdə yaşanan hadisələri yad edərək, bu ağır, hüznlü günlərdə qardaş Azərbaycanın daim Türkiyənin yanında olduğunu bildirib. Fəqan Həsənlinin fortepianoda Adilə Yusifovanın “İthaf” əsərini ifa etməsilə şəhidlərin xatirəsi ehtiramla anılıb.
Daha sonra konsertdə Berna Özkutun (soprano), Elnur Cəfərovun (tarzən), Fəqan Həsənlinin (fortepiano), Rasimə Babayevanın (orqan), Alper Közün (tenor) və Natiq Rzazadənin (fortepiano) ifasında bəstəkarın müxtəlif əsərləri təqdim edilib.