Aktauda tələbələrə Xocalı soyqırımından danışılıb

09.03.2020

Aktau şəhərindəki Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Ölkəmizin Aktaudakı Baş konsulluğunun dəstəyilə keçirilən tədbirdə universitetin beynəlxalq əlaqələr fakültəsinin müəllim və tələbə heyəti iştirak edib. Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov tədbirdə çıxışı zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərində törədilən soyqırımın, insanlığa zidd olan bu qanlı cinayətin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar barədə ətraflı məlumat verib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı və terrorçu siyasətdən, torpaqlarımızın azad olunmasına dair beynəlxalq qurumların qəbul etdikləri qətnamələri yerinə yetirməməsindən danışıb. Xocalı və digər soyqırımıların təkrarlanmaması naminə dünya birliyinin hərəkətə keçməsinin vacib olduğu vurğulanıb.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.