Qahirədə, ölkənin Sosial Həmrəylik Nazirliyinin qərarına əsasən, Misir – Azərbaycan Dostluq Cəmiyyəti təsis olunub.
"Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, yeni cəmiyyət ölkələrimizin elmi və mədəni əlaqələrinin inkişafı istiqamətində fəaliyyət göstərəcək. Qurumun nizamnaməsində xalqlarımız arasında əlaqələrin inkişafı, elmi-mədəni tədbirlər, sosial xidmətlər, Azərbaycan dili və digər xarici dillərin tədrisi, azərbaycanlılar üçün diaspor mərkəzinin təsisi, Misir-Azərbaycan Universitetinin və məktəbinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, tərcümə mərkəzinin açılması, elmi-publisistik jurnalların nəşri və s. nəzərdə tutulub.
Cəmiyyətin 13 nəfərdən ibarət təsisçisi var. Onlar ölkə daxilində və xaricində böyük nüfuza malik olan misirlilərdir. Təsisçilər yekdilliklə Seymur Nəsirovu cəmiyyətin sədri seçiblər.
Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyi də cəmiyyətin təsis olunmasına dəstək göstərib.