Özbəkistanda tələbə və şagirdlərə Xocalı soyqırımından danışılıb

06.03.2020

Daşkənddəki Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun tələbələri, 48 nömrəli orta məktəbin müəllimləri və şagirdləri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Ziyarətçilər mərkəzin foyesində nümayiş olunan kitab, foto və suvenirlərdən ibarət sərgi ilə tanış olublar. Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımından danışıb. Bildirib ki, erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın ağır texnikası və hərbçilərinin köməyilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal ediblər. Bu zaman yalnız etnik mənsubiyyətinə görə mülki əhalinin 613 nəfəri (63 uşaq, 106 qadın, 70 ahıl və qoca) qətlə yetirilib, 487 nəfər yaralanıb (onlardan 76 nəfəri uşaq olub), 1275 nəfəri əsir götürülüb, 150 nəfəri itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Sonra qonaqlar mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Xalça Muzeyi və kitabxana ilə tanış olublar. Onlara ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan-Özbəkistan dostluğu barədə ətraflı məlumat verilib.