Gürcüstanlı soydaşımız "Qalatasaray" futbol klubuna dəvət olunub

06.03.2020

Marneuli rayonunun “Gənclik” futbol məktəbinin yetirməsi İlkin Əhmədov Türkiyənin “Qalatasaray” futbol klubunun 18 yaşlılardan ibarət yığmasına dəvət olunub.

"Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov bildirib ki, yığmada yoxlamadan keçən gənc futbolçuya artıq klubun vəsiqəsi təqdim edilib.

Baş məşqçi hesab edir ki, İ.Əhmədovun uğur qazanmasında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneulidə yaradılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) xüsusi rolu olub. O, yeniyetmələrə və gənclərə yaratdığı şəraitə görə İnteqrasiya Mərkəzinə təşəkkürünü bildirib.

Xatırladaq ki, GAİM 2019-cu ilin aprelində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılıb. Mərkəzin yaradılmasında məqsəd Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin daha da yaxşılaşdırılması, yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək verilməsidir.

Qısa müddət keçməsinə baxmayaraq, artıq Mərkəz bir sıra nəticələrə nail olub. Ötən ilin avqust ayında Mərkəzin 16 dinləyicisi “1+4” proqramı üzrə ölkənin ali məktəblərinə qəbul olunub. İlkin Əhmədovun Türkiyənin "Qalatasaray" futbol klubunun gənclərdən ibarət yığmasına dəvətini də Mərkəzin növbəti uğuru kimi qiymətləndirmək olar.