Şimali Kaliforniyadakı soydaşlarımız deputatlığa namizədlə görüşüb

05.03.2020

Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində həmvətənimiz – 2020-ci ildə ABŞ-da keçiriləcək seçkilərdə Demokratlar Partiyası tərəfindən Nümayəndələr Palatasına namizədliyi irəli sürülən Ramin Məmmədovla icma üzvlərinin görüşü keçirilib.

Görüş zamanı deputatlığa namizəd öz proqramı barədə ətraflı məlumat verib. O, vətəndaş cəmiyyətinin rəyinə üstünlük verən yeni lider nəsli təmsil etdiyi, hər kəsin öz qabiliyyəti sayəsində uğurlar əldə edə bildiyinə inandığı, dövlətə xidmətin yaşa, irqə və cinsə görə müəyyən edilmədiyi, millətimizin problemlərinin həyat, azadlıq və xoşbəxtlik prinsiplərinə əsaslanan yaradıcı və düşüncəli yanaşmalarla həll edilməli olduğu barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, 2001-ci ildə Azərbaycandan ABŞ-a köçən R.Məmmədov Miçiqan ştatındakı Oakland İcma Kollecində və Dövlət Universitetində təhsil alıb. Siyasi elm və beynəlxalq münasibətlər ixtisasını bitirib. 15 ildir ki, keyfiyyət zəmanəti üzrə mütəxəssis kimi maliyyə xidmətləri göstərən şirkətlərin fəaliyyətinə dəstək verir.