ABŞ Konqresinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanatlar verməkdə davam edirlər. Bu dəfə Ohayo ştatını təmsil edən nüfuzlu demokrat konqresmen Tim Rayan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.
Xocalı soyqırımı və bu dəhşətli faciənin qurbanlarının anıldığı bəyanatda bildirilib ki, 28 il öncə – 1992-ci ilin fevralında Xocalının günahsız əhalisinə qarşı vəhşicəsinə törədilmiş qırğın insanları sarsıtmaqda davam edir. Cənubi Qafqazda törədilmiş ən böyük qəddarlıqlardan biri kimi xarakterizə olunan Xocalı qətliamı üzrə ədalətin təmin olunmadığı və 150 dinc Xocalı sakininin taleyinin hələ də bəlli olmadığı diqqətə çatdırılıb.
Beynəlxalq ictimaiyyətdən insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən konqresmen Xocalıda baş verənlərin unudulmamasının və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.
Arizona ştatını təmsil edən konqresmen Pol Qoşarın bəyanatında da 28 il bundan əvvəl baş vermiş faciə ABŞ Konqresinin diqqətinə çatdırılır, Azərbaycanın bu gün Qafqaz bölgəsində geniş imkanlara, zəngin mədəniyyətə və cəmiyyətə, stabil hökumət və əmin-amanlığa, zəngin neft ehtiyatlarına malik olması vurğulanmaqla yanaşı, müstəqillik əldə etməsinin ilk illərində Azərbaycanın çətinliklərlə mübarizəsi, Sovet rejiminin çökməsi nəticəsində Ermənistanla yaranmış münaqişə barədə məlumat verilir.
Münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıya hücum edildiyi, bunun nəticəsində 613 nəfərin qətlə yetirildiyi və mülki əhaliyə qarşı hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olmasına görə məmnunluğunu ifadə edən konqresmen ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyini, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinin, Azərbaycan əhalisinin belə qətliamla bir daha üzləşməməsini təmin etmək məqsədilə münaqişənin həllinin vacib olduğunu qeyd edib.
Xatırladaq ki, bundan öncə ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Xarici məsələlər komitəsinin üzvü Stiv Şabot Xocalı soyqırımı ilə Konqresin gündəliyində qeydə alınmış bəyanatla çıxış edərək, bu faciəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qara səhifəsi adlandırmışdır. “Human Rights Watch” təşkilatının 1992-ci il hesabatına istinad edən konqresmen vurğulayıb ki, şəhəri tərk etmək istəyən əhaliyə qarşı beynəlxalq hüquqa zidd əməllər törədilib.