İğdır şəhərində Xocalıya ədalət tələb olunub

04.03.2020

Türkiyənin İğdır şəhərində Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən foto-sərgi təşkil olunub.

İğdır Kültür Mərkəzində gerçəkləşdirilən "Xocalıya ədalət!" sərgisini Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) İğdır şöbəsi təşkil edib. Sərgidə Xocalı hadisələrindən sonra Azərbaycan və xarici jurnalistlərin çəkdiyi, eləcə də dərnəyin İğdır şöbəsinin rəhbəri İlteriş Kağan Taşkınsunun xarici ölkələrə səfərləri çərçivəsində əldə etdiyi 85 foto nümayiş olunub.

Tədbirin açılış mərasimində çıxış edən İ.Taşkınsu Xocalı soyqırımı ilə eyni yaşda olduğunu və Xocalı üçün ədalət axtardığını bildirib. O, aralarında uşaq, qadın, ahıl olmaqla 613 nəfər mülki əhalinin qətlə yetirilməsindən və əsir götürülənlərin başına gətirilən dəhşətlərdən danışıb. Qeyd edib ki, bu fotolar erməni xislətini, vəhşiliyini və türk xalqına qarşı olan nifrətini aydın şəkildə nümayş etdirir.

Xocalıda yalnız etnik və dini mənsubiyyətlərinə görə dinc insanların ağlasığmaz vəhşiliklə qətlə yetirildikləri və bunun əsl soyqırımı olduğu bildirilib: "Şəkillərə baxanda ölümlə qarşılaşan uşaqları görəcəksiniz. Ermənilər Azərbaycan türklərinə qarşı etdikləri soyqırımı qəbul etməsələr də, bu fotoşəkillər soyqırımı sübut edən sənədlərdir".

Sərginin İğdırın müxtəlif məkanlarında bir həftə davam edəcəyi, 28 il keçməsinə baxmayaraq, Xocalı soyqırımının unudulmadığı və bu cür tədbirlərin il ərzində keçiriləcəyi vunğulanıb.

Sərgi ilə tanış olan ziyarətçilər emosiyalarını gizlədə bilməyiblər və erməni vəhşiliyindən dəhşətə gəldiklərini söyləyiblər.