İzmirin Bornova rayonunda Xocalı soyqırımı qurbanları yad edilib

04.03.2020

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda Xocalının 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Mərasim Azərbaycan Dostluq Parkında ucalan Xocalı soyqırımı abidəsinin qarşısında təşkil edilib. Bornova rayon bələdiyyəsinin sədri, rayon rəhbərliyi, bornovalılar və soydaşlarımızın qatıldığı tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin ruhuna dualar oxunub, Xocalı soyqırımı abidəsinin önünə gül-çiçək düzülüb.

İzmirdə fəaliyyət göstərən Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Mülazim Paşa və başqaları çıxışlarında erməni silahlı birləşmələrinin Xocalıda dinc sakinlərə qarşı törətdikləri kütləvi qırğının dəhşətlərindən danışıblar. Ermənilərin ölkələrimizə qarşı hər zaman düşmən münasibət bəslədikləri, məkrlə hərəkət etdikləri və fürsət tapan kimi günahsız insanlarımıza qarşı soyqırımı həyata keçirdikləri vurğulanıb. Xocalı soyqırımı kimi faciələrin unudulmayacağı və unutdurulmayacağı bildirilib.

Mərasimdə Azərbaycan və Türkiyə barədə dostluq və qardaşlıq şüarları səsləndirilib.