Holon Texnologiya İnstitutu, “İsraildə Azərbaycan Evi” və Heydər Əliyev Fondunun birgə iştirakı ilə İsraildə "Azərbaycanın geosiyasi reallığı və Cənubi Qafqaz: tarix və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirilib.
"Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində keçirilən konfrans Heydər Əliyev Fondu tərəfindən təşkil edilib.
Konfransda İsrailin siyasi partiyalarının nümayəndələri, o cümlədən Yerusəlimin sabiq meri, hakim "Likud" Partiyasından deputat Nir Barkat və deputat Keti Şitrit, "İsrail – Evimizdir" Partiyasından deputatlar Yevgeni Sova və Mark İfraimov, habelə Holon şəhər merinin müavini, bakılı Mixail Sutovski, Absorbsiya Nazirliyinin baş alimi, Avrasiya Yəhudi Konqresi nəzdində Strateji Araşdırmalar Mərkəzinin başçısı, Ariel Universitetinin professoru Zeyev Hanin, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, hüquq doktoru, ravvin Mixael Finkel, Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə, Holon Texnologiya İnstitutunun tələbə və müəllim heyəti, israilli jurnalistlər, Azərbaycan icmasının üzvləri iştirak ediblər.
İsrailin və Azərbaycanın dövlət himnlərinin səsləndirildiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut, Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubov, Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə, israilli deputatlar və digər rəsmi şəxslər, ehtiyatda olan polkovnik, hazırda İsrail vətəndaşı, Xocalıda dəhşətli soyqırımı aktının canlı şahidi Əsəd Fərəcov və başqaları çıxış ediblər.
İsrailli natiqlər Holokostu yaşamış bir xalq kimi Azərbaycan xalqının ağrısını gözəl başa düşdüklərini, Xocalı soyqırımının heç bir zaman unudulmayacağını, bu cinayəti törədənlərin Ermənistanda prezident, baş nazir və nazir vəzifələrinə irəli çəkildiklərini, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalını 28 ildən çoxdur davam etdirdiyini, erməni işğalçılarına qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Albert Aqarunovun da döyüşdüyünü, Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olmasının hamıya bəlli fakt olduğunu, İsrailin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlamağa çağırdığını vurğulayıblar. Azərbaycanın işğal edilmiş ərazilərinin tezliklə azad ediləcəyinə və bir milyondan çox qaçqın və məcburi köçkünün öz ata-baba yurdlarına qayıdacağına ümid ifadə edilib.
Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə bildirib ki, Azərbaycanda yəhudilərin tarixi antik dövrlərə, Assur çarları dövrünə gedib çıxır, ölkəmizdəki yəhudi diasporu dünyada ilk diasporlardan biridir, başqa ölkələrin çoxundan, o cümlədən monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda heç vaxt antisemitizm təzahürü qeydə alınmayıb, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda hazırda 20 minlik yəhudi icması yaşayır, 8 sinaqoq fəaliyyət göstərir, Heydər Əliyev Fondu bu yaxınlarda İsmayıllı rayonunun Mücü kəndində çoxəsrlik tarixi olan yəhudi qəbiristanını bərpa edib, müqəddəs Tövrat ilk dəfə Azərbaycan dilinə tərcümə olunub.
“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasının 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladığı bildirilib. Kampaniyanın Xocalı soyqırımı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəb və nəticələri, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və ətraf 7 rayonundan qeyd-şərtsiz çıxarılmasının zəruriliyi barədə beynəlxalq birliyin məlumat səviyyəsini artırmağa xidmət etdiyi vurğulanıb.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
"Xocalıya ədalət!" sənədli fotosərgisi tədbir iştirakçılarının çoxuna – Holokostun dəhşətli mənzərələrini xatırladıb.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, ravvin Mixael Finkel bildirib ki, sərgidə nümayiş etdirilən dəhşətli fotolar erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı qanlı qırğının xüsusi amansızlıq və zorakılıqla törədildiyini təsdiq edir: "Biz Holokostu yaşamış bir xalq kimi, Xocalının dinc azərbaycanlı sakinlərinə münasibətdə bu barbar metodları və insaniyyətdən uzaq münasibəti pisləyirik".
Sonda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə dualar oxunub.