Ankaradakı şagirdlərə və əcnəbi tələbələrə Xocalı soyqırımından danışılıb

04.03.2020

Ankarada fəaliyyət göstərən “Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” (AGAH) ictimai birliyinin Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.

AGAH-ın Məhəmməd Əmin Rəsulzadə adına Anadolu liseyi ilə birgə təşkil etdiyi tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsilə başlayıb.

Mərasimdə Türkiyə Böyük Millət Məclisinin 23-cü çağırış millət vəkili Şevket Kösə, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, AGAH sədri Təbriz Raufoğlu, liseyin direktoru Talha Kaya çıxış ediblər. Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayın ağır texnikası və hərbçiləri ilə birlikdə Xocalını işğal etdikləri və dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirdikləri, yaraladıqları və əsir götürdükləri barədə ətraflı məlumat veriblər. İnsanlığa qarşı olan bu dəhşətli və qanlı hadisələr zamanı 63 uşağın qətlə yetirildiyinə, 76 uşağın yaralanıb, əlilə çevrildiyinə diqqət cəlb edilib. Qeyd olunub ki, bu soyqırımı aktının unudulmasına və unutdurulmasına heç bir zaman yol verilməyəcək.

Sonra liseyin müəllimi Murat Gülbetekinin rəhbərliyilə şagirdlərin Xocalı faciəsinə həsr etdikləri bədii kompozisiya, lisey kollektivinin Dağlıq Qarabağ hadisələrindən bəhs edən video-çağırışı təqdim olunub, AGAH-ın İH üzvü Nərmin Mirzəyevanın ifasında “Laylay, Xocalım, laylay” şeiri səsləndirilib.

Xocalı soyqırımı ilə bağlı “Dünya İnsanlığının Ortaq Faciəsi: Xocalı soyqırımı” adlı anım tədbiri isə AGAH və Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbirdə YTB sədri Abdullah Eren, sədrin müavini Sait Yusuf, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Ankara Universiteti Hüquq Fakültəsinin müəllimi Cavid Abdullazadə, diplomatik korpusun əməkdaşları, müxtəlif ölkələrdən olan çoxsaylı əcnəbi tələbələr iştirak ediblər.

YTB sədri A.Eren tədbirdə çıxış edərək, Xocalı soyqırımı barədə ətraflı məlumat verib. XX əsrin ən qanlı və dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını törədən cinayətkarların cəzasız qalmalarının yolverilməz olduğu, hadisəyə görə Ermənistanın məsuliyyət daşıdığı nəzərə çatdırılıb.

T.Raufoğlunun moderatorluğu, C.Abdullazadə və E.Allahverdiyevin iştirakı ilə "Qətliamı Soyqırıma Çevirən Səbəblər" mövzusunda panel təşkil edilib. Müzakirələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə ətraflı məlumat verilib.

Tədbir əcnəbi tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.