Ankarada Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Xocalı həftəsi çərçivəsində Jurnalistlər Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar çıxışı zamanı Xocalı soyqırımını ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin Türkiyə və Azərbaycan ərazisində həyata keçirdikləri soyqırımı siyasətinin bir hissəsi kimi qiymətləndirib.
Xalqlarımıza qarşı törətdikləri məkrli, amansız və qəddar cinayətləri ermənilərin özlərinin etiraf etdikləri vurğulanıb, amma beynəlxalq ictimaiyyətin bu cinayətlərə səssiz qalması, cinayətkarların ədalət mühakiməsinə cəlb olunmaması nəticəsində cəzasız qalmalarından təəssüf ifadə olunub.
Professor soydaşlarımızın bütün dünyada “Xocalıya ədalət!” tələb etdiyinə, "Qarabağ Azərbaycandır!" şüarını səsləndirdiyinə diqqəti cəlb edib və özü də çıxışını bu şüarlarla tamamlayıb.
Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən foto-sərgi nümayiş olunub.