Osmaniyədə Xocalı soyqırımından danışılıb

03.03.2020

Türkiyənin Osmaniyə vilayətindəki Qorqud Ata Universitetində “28 ildir bitməyən acı: Xocalı soyqırımı” adlı anım tədbiri keçirilib.

Tədbirdə Osmaniyə valisi Ömer Faruk Coşkun, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Osmaniyə baş prokuroru Ahmet Tekne, Qorqud Ata Universitetinin rektoru, professor Murat Türk, bələdiyyənin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və tələbələr iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Universitetin rektoru M.Türk, səfir X.İbrahim, Dövlət Komitəsi sədrinin birinci müavini V.Hacıyev və başqaları çıxış ediblər. Natiqlər xatırladıblar ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində aralarında qadın (106), uşaq (63) və ahıl (70) olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Baş verən hadisələr Türk dünyasına və insanlığa qarşı cinayət adlandırılıb. Xocalıları qəhrəman adlandıran natiqlər qeyd edib ki, mərd xocalılar 2 ay mühasirədə yaşamalarına rəğmən torpaqlarını tərk etmədilər.

Azərbaycan tərəfini təmsil edən natiqlər Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərində həyata keçirdiyi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olan türk əsgərlərinin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Soyqırımların unudulmaması və gənc nəsillərə çatdırılmasının vacibliyini vurğulayan V.Hacıyev yüksək təhsilli və hərtərəfli yetişmiş, mübariz gənclərlə qürur duyduğunu ifadə edib.

X.İbrahim qeyd edib ki, ölkələrimiz ortaq tarixə və dəyərlərə malikdir: “Şəhidlərimiz bir, keçmişimiz bir, gələcəyimiz birdir. Bunun üçün də biz burada Xocalı soyqırımı ilə bağlı anım mərasimini keçirərək, bütün şəhidlərimizi anırıq".

“Bir millət, iki dövlət” şüarının münasibətlərimizi dəqiq ifadə etdiyini vurğulayan səfir Türkiyədə diplomatik fəaliyyətə başlayanda ilk ziyarət yerinin Çanaqqala olduğunu, bunu özünə mənəvi və vətəndaşlıq borcu hesab etdiyini söyləyib. Azərbaycandan minlərlə həmvətənimizin Çanaqqala döyüşlərində şəhidlik zirvəsinə ucaldıqlarına, bu faktın bir daha Azərbaycan və Türkiyənin həmrəyliyinin göstəricisi olduğuna diqqət cəlb edilib.

Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.