Samarada Xocalı soyqırımı qurbanları yad edilib

03.03.2020

Samara vilayətinin Azərbaycanlılar Liqası Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edib.

Tədbir xalqımızın tarixində baş vermiş ən qanlı və dəhşətli qırğınlardan biri olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsilə başlayıb. Mərasimdə liqanın idarə heyətinin sədri, "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının və Samara vilayətinin İctimai Palatasının üzvü Şirvan Kərimov, Liqanın idarə heyətinin sədr müavini Rəhman Əliyev, Liqanın Ağsaqqalları Şurasının sədri Şahbala Dəmirov, Xocalıda məhv olan 8 ailədən birinin qohumu Ülvi Xocalı və başqaları çıxış ediblər.

Natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı törətdikləri kütləvi qırğın barədə ətraflı danışıblar. Bu hadisənin unudulmayacağı, belə faciələrin təkrarlanmaması üçün Rusiya ictimaiyyətinin və bəşəriyyətin Xocalı faciəsi barədə dolğun məlumatlandırılmasının, bütün sivil dövlətlər tərəfindən onun soyqırımı aktı kimi tanınmasının vacibliyi bildirilib.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub, şair Zəlimxan Yaqubun Xocalı soyqırımı qurbanlarına həsr etdiyi şeir səsləndirilib və müqəddəs Quran kitabından şəhidlərin ruhuna dualar oxunub.