Vaşinqtonda Ermənistan hökumətindən Xocalı soyqırımını tanımaq tələb olunub

03.03.2020

Fevralın 28-də Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkil etdiyi aksiyada Vaşinqtonda və onun ətrafında, Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri iştirak ediblər. Etirazçılar əllərində Azərbaycan və ABŞ-ın dövlət bayraqlarını, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu plakatlar tutublar.

Tədbir aksiya iştirakçılarının Azərbaycanın dövlət himnini oxuması ilə başlayıb. Sonra “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, beynəlxalq hüquqa riayət et!”, “Köçəryan, Sarkisyan, Ohanyan cinayətkardırlar” və s. şüarlar səsləndirilib.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmsədri Bədir Məmmədli çıxışı zamanı Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciət edərək, 1992-ci il fevralın 26-da Xocalıda 613 mülki şəxsin erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildiyini xatırladıb.

Xocalı soyqırımının ABŞ-ın bir çox ştatı, dünyanın bir sıra ölkələri tərəfindən tanındığına və pisləndiyinə diqqəti cəlb edən etirazçılar Ermənistan hökumətini də Xocalı soyqırımını tanımağa, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetməyə çağırıblar. Onlar erməni silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər.

Daha sonra aksiya iştirakçıları Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında toplaşıblar. Soydaşlarımız Suriyada türk əsgərlərinin həlak olması ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib və Azərbaycan icması adından öz dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il Xocalıda baş verən kütləvi qırğının soyqırımı kimi tanınması tələbilə Vaşinqtonda etiraz aksiyası təşkil edir, Amerika ictimaiyyətinin diqqətini Xocalı soyqırımına və ermənilərin digər hərbi cinayətlərinə cəlb etmək məqsədilə müxtəlif kampaniyalar həyata keçirir.