ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.
Aksiyada Azərbaycan icmalarının Bostonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub.
Bannerlərdə əks olunmuş şüarlar vasitəsilə dünya birliyinə müraciət edən aksiyaçılar Xocalı soyqırımının dövlət səviyyəsində tanınmasının vacibliyinə diqqəti cəlb ediblər. Bu faciənin Massaçusets ştatı daxil olmaqla Amerikanın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanındığı və pislənildiyi haqqında məlumatlar səsləndirilib.
Aksiya zamanı şəhər sakinlərinə Xocalı soyqırımı haqqında faktları əks etdirən vərəqələr paylanılıb.