Kaliforniya ştatının San-Fransisko şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fərdi piketlər keçirilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkil etdiyi fərdi piketlərdə məqsəd San-Fransisko sakinlərinin diqqətini Xocalı soyqırımına cəlb etmək olub. Assosiasiyanın fəalları əllərində Xocalıdan bəhs edən faktların yazıldığı plakatları şəhərin müxtəlif məkanlarında, insanların sıx toplaşdıqları yerlərdə nümayiş etdiriblər.
Həmin plakatlarda "26 fevral 1992-ci il tarixdə 613 nəfərin cəsədi tapılıb", "Qadın haqları? 106 qadının cəsədi tapılsa da, bu günədək hec kim cəzalandırılmamışdır", "Təsəvvür edin ki, dünən gecə hər iki valideyninizi itirmisiniz. 25 uşaq həqiqətən itirib", "28 il öncə Xocalıda 130 uşaq 1 valideynini itirib", "Kimin vecinədir ki, 8 ailə tamamilə məhv edilib?", "Heç kimin vecinə deyil ki, 150 insan 28 ildir ki, tapılmır" kimi ifadələr yazılıb. Bununla da soydaşlarımız Xocalı soyqırımını törədən erməni qatillərinin indiyədək cəzalandırılmamasına, Ermənistan tərəfindən azərbaycanlıların fundamental insan haqlarının kobudcasına tapdalanmasına, dünya ictimaiyyətinin Xocalı kimi soyqırıma biganə münasibət göstərməsinə kəskin etirazlarını bildiriblər.
Qeyd edək ki, fərdi piketlər San-Fransiskonun ətrafındakı şəhərlərdə də gerçəkləşdirilib.
Xatırladaq ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb.