Qazaxıstanın müxtəlif vilayətlərində Xocalı soyqırımı qurbanları anılıb

03.03.2020

Qazaxıstanın Aktöbe və Qərbi-Qazaxıstan vilayətlərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Ölkəmizin Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə Aktöbe vilayətində təşkil edilən tədbirdə “Azərbaycanlılar Birliyi”nin rəhbəri Şahbaz Camalov, müavini Vaqif Fərzəliyev, Qazaxıstan Xalqı Assambleyasının katibliyinin müdiri Marjan Kabakbayeva, soydaşlarımız, müxtəlif xalqların etnik-mədəni cəmiyyətlərinin rəhbərləri və yerli ictimaiyyətin tanınmış simaları iştirak ediblər.

Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət!” sənədli filmi nümayiş olunub.

Mərasimdə çıxışı zamanı “Azərbaycanlılar Birliyi”nin rəhbəri Şahbaz Camalov 28 il öncə Azərbaycanın Xocalı şəhərində erməni silahlı dəstələrinin 366-cı motoatıcı alayın ağır texnikası və hərbçilərinin köməyi ilə dinc azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirdiyi, yaraladığı, əsir götürdüyü barədə ətraflı məlumat verib.

Tədbirdə etnik-mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri də ermənilərin törətdiyi Xocalı soyqırımını və Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti pisləyiblər.

Xocalı şəhidlərinin ruhuna duaların oxunması ilə yekunlaşan tədbirdə Xocalı soyqırımını əks etdirən foto-sərgi də təşkil olunub.

Həmin gün “Birlik” milli-mədəni cəmiyyəti tərəfindən Uralsk şəhərində də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə, cəmiyyətin üzvləri, türkiyəli iş adamları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə “Birlik” milli-mədəni cəmiyyətinin rəhbəri Nəcəf Məmmədov və başqaları çıxış edərək, erməni silahlı dəstələrinin xocalılara qarşı törətdikləri kütləvi qırğını və Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar və işğalçı siyasəti pisləyiblər.

Tədbir soyqırımı qurbanlarının və şəhidlərin ruhuna duaların oxunması ilə başa çatıb.